Himayədar valideyn ola bilməz:
• məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
• məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
• qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
• əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
• səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
• məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
• barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər.
Himayədar valideyn ola bilər:
Yuxarıda qeyd olunan hallar istisna olmaqla yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları.
Həmçinin bu tələblər nəzərə alınır:
• övladlığa götürməyə, himayədar ailə olmağa, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur;
• aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər;
• ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır;
• ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.




