Beynəlxalq və regional iqtisadi təşkilatlarla əməkdaşlıq
Dövlət Sosial Müdafiə Fondu (Fond) sosial təminat sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir. Bunlara Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA), Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA), Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Sosial Şəbəkəsi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, İsveçrə Əməkdaşlıq Qurumu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Caspian Energy Club, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK), “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi (TÜİB), İsrail – Azərbaycan Ticarət və Sənaye Palatası, Beynəlxalq Pensiya Fondları İdarəçiləri Federasiyası (FIAP), ASEAN Sosial Müdafiə Assosiasiyası (ASSA), Asiya Məhsuldarlıq Təşkilatı (APO), GovInsider və s. beynəlxalq qurumlar daxildir.
Fond 1992-ci ildən BPSFA-nın, 2004-cü ildən etibarən isə ISSA-nın tamhüquqlu üzvüdür.
Tətbiq edilmiş qabaqcıl təcrübə və uğurlu beynəlxalq münasibətlər nəticəsində hazırda Fond müxtəlif beynəlxalq təşkilatlarda bir çox rəhbər mövqelərdə təmsil olunur. Belə ki, 2023-cü ilin 28 oktyabr tarixində BPSFA-nın Moskva şəhərində keçirilmiş ümumi iclasında Fondun İdarə Heyətinin sədri BPSFA-nın sədri seçilib. DSMF-nin daha bir əməkdaşı isə BPSFA-nın Təftiş Komissiyasına sədr seçilib.
Bununla yanaşı Fond ISSA-nın 5 texniki komitəsində sədr müavini qismində təmsil olunur. Fondun əməkdaşları müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə təqdimatçı kimi çıxış edir və bir sıra hallarda bu tədbirlərin işinə sədrlik edirlər.
2025-ci ilin 29 sentyabr – 3 oktyabr tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində ISSA-nın təşkil etdiyi Dünya Sosial Təminat Forumu çərçivəsində Fondun nümayəndə heyəti bir sıra mühüm nailiyyətlər əldə edib. Belə ki, Fond ISSA-nın Qiymətləndirmə Proqramı çərçivəsində üç meyar üzrə növbəti üç il üçün hüquqi qüvvəyə malik olan 3 sayda Mükəmməllik Sertifikatı və Beynəlxalq Sosial Təminat Video Festivalında Fəxri Diplom ilə təltif olunub. Bununla yanaşı Fondun İdarə Heyətinin sədri ISSA-nın Bürosuna və ISSA-nın Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinə üzv seçilib.
Bununla yanaşı Malayziya Kuala Lumpur şəhərində Fondun rəhbərinin sədri olduğu BPSFA ilə ISSA arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Fondun fəaliyyət istiqamətləri üzrə aktual layihələrin həyata keçirilməsi imkanlarının araşdırılması məqsədilə digər beynəlxalq və regional təşkilatlar, eləcə də onların Azərbaycandakı nümayəndəlikləri ilə mütəmadi olaraq görüşlər keçirilir. Fondun təşkilatçılığı ilə beynəlxalq təşkilatların müxtəlif tədbirlərinin ölkəmizdə keçirilməsi təmin edilir.
2021-ci ildə Fond ilə BMT-nin Miqrasiya Agentliyi – Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq haqqında Niyyət Protokolu, 2024-cü ilin fevral ayında Fond ilə ISSA arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu, 2025-ci ilin iyun ayında isə Fond ilə Beynəlxalq Pensiya Fondları İdarəçiləri Federasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
2025-ci ilin 29-30 may tarixlərində Fondun və BPSFA-nın birgə təşkilatçılığı ilə “Müasir dünyanın qlobal çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycanın sosial təminat sistemi və Fondun beynəlxalq nailiyyətləri, eləcə də digər iştirakçı ölkələrin sosial müdafiə sistemləri və islahat təcrübələrinə dair təqdimatlar edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədbir sosial müdafiə sahəsində bilik və təcrübə paylaşımı, əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma kimi önə çıxıb. Konfrans zamanı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ilə BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetano, BPSFA-nın sədri Zəka Mirzəyev və direktoru İqor Popov arasında ikitərəfli görüşlər keçirilib.
Fondun əməkdaşları beynəlxalq təşkilatların konfrans, seminar, vebinar və təlim kurslarında fəal iştirak edir, Avropa Birliyinin TAIEX, SIGMA, Twinnig, Socieux+ layihələrindən yararlanır, işçilərin sosial təminat sahəsində Azərbaycanda həyata keçirilən islahatlar barədə məqalələri beynəlxalq qurumların mətbu orqanlarında dərc edilir. Təlim və tədbirlərin əsas məqsədi Fondun əməkdaşlıq çərçivəsini genişləndirmək, sosial təminat sahəsindəki qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanlarını araşdırmaq, bu sahədə mövcud olan müasir innovativ yanaşmalarla Fondun əməkdaşlarını tanış etmək, həmçinin onların bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Bu baxımdan sözügedən sahədə beynəlxalq və regional qurumların təşkil etdikləri təlimlər, konfranslar, simpoziumlar, vebinarlar və digər tədbirlərlə bağlı məlumatlar mütəmadi olaraq operativ araşdırılır və aktuallığından asılı olaraq Fond əməkdaşlarının həmin tədbirlərdə iştirakı təmin edilir.
Son illər ərzində sosial təminat sahəsində biznes-proseslərin keyfiyyətinin və çevikliyinin artırılaraq əhaliyə daha rahat, əlverişli və şəffaf xidmətlərin göstərilməsi, onların rəqəmsal və proaktiv müstəvidə təqdim olunması, Fondun fəaliyyətinin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə uyğun yenidən təşkili və nəticədə vətəndaş məmnunluğuna nail olunması, eləcə də sosial təminat sahəsində mərkəzləşdirmə islahatlarının nəticəsi olaraq Fond son 5 ildə 81 beynəlxalq mükafatla təltif edilib.
Azərbaycanda pensiya və sosial sığorta sahəsində son dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatları dünya miqyasında tanıtmaq məqsədilə Fond nüfuzlu beynəlxalq sərgilərdə öz fəaliyyətinə dair promo məhsullarla son dövrdə qazanılmış nailiyyətləri nümayiş etdirir.
Hazırda Fond öz fəaliyyətini ötən dövrdə sertifikatlaşma prosesini uğurla başa vurmuş 5 beynəlxalq ISO standartı əsasında davam etdirir.