ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlərin edilməsi üçün sənədlərin təqdim edilməsi

Sığortaolunanların (işləyən şəxslərin) “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində nəzərdə tutulan sığorta hadisələri baş verdikdə sığorta ödəmələrini almaq hüququ yaranır. Sığorta ödəmələrinin aşağıdakı növləri vardır:

  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
  • hamiləliyə və doğuma görə müavinət;
  • uşağın anadan olmasına görə birdəfəlik müavinət;
  • qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
  • dəfn üçün müavinət;
  • könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr
  • sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.

Sığortaolunanlar sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən və sığorta ödəməsinin təyin edilməsinə əsas olan sənədləri qanunvericiliklə müəyyən edilən qaydada sığortaedənə (iş yerinə) təqdim etməlidirlər. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Qeyd edilən müavinət növlərinin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron xidmət növlərinin Siyahısı”nda nəzərdə tutulmuş sənədlər sığortaedən tərəfindən elektron qaydada Fonda təqdim edilməlidir. Təqdim edilən sənədlərin düzgünlüyü yoxlanıldıqdan (5 (beş) iş günü (dəfn müavinətinin alınması üçün təqdim olunmuş sənədlər üzrə isə 2 (iki) iş günü) ərzində) sonra ödənişə göndərilir. Təqdim edilən sənədlərdə uyğunsuzluq aşkar edildikdə Fond tərəfindən icra olunmadan geri qaytarılır. Sığortaedən tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilib göndərilən sənədlər yenidən yoxlanılaraq ödənişə göndərilməsi üçün Fonda təqdim edilməlidir. Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.