Müavinət yalnız xəstəlik vərəqəsinə əsasən təyin edilir.
Başqa sənədlər müavinətin verilməsi üçün əsas sayıla bilməz.
Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata əsasən verilə bilər.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
Bu müavinətin aylıq məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
Müavinətin ilk 14 təqvim günü sığortaedənin, qalan günlər isə məcburi dövlət sosial sığorta haqqı hesabına verilir.
Bu müavinət aşağıdakı hallarda verilmir:
- sığortaolunanın 6 aydan az sosial sığorta stajı olduqda;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;
- işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədilə qəsdən öz sağlamlığına zərər vurduqda və ya özünü yalandan xəstə kimi qələmə verdikdə;
- törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə.