Ünvanlı dövlət sosial yardımı
Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi üçün necə müraciət edilməlidir?

Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Ailəni təmsil edən şəxs Elektron Hökumət İnformasiya Sistemində və ya Nazirliyin e-sosial internet portalında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərir.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin olunmasından hansı halda imtina edilir?

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin olunmasından aşağıdakı hallarda imtina edilir:

-“Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;

-sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda;

-sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;

-ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);

-ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);

-ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda;

-ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi üçün tələb olunan təmsilçilik ərizəsinin qüvvədə olma müddəti nə qədərdir?

Təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir).

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) hansı müddətə təyin edilir?

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) 1 il müddətinə təyin olunur.

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilərkən kimlər ailə üzvü kimi nəzərə alınmır?

Ünvanlı dövlət sosial yardımının təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:

-tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);

-müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;

-cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;

-axtarışda olan şəxslər;

-Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;

-əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilməsi məqsədilə maddi-məişət şəraitinin yoxlanışı aparılan zaman imtinaların verilməsi ilə bağlı hara şikayət edilməlidir?

Vətəndaşlar şikayətlərini təqdim edə bilərlər:

-Nazirliyin rəsmi saytında onlayn qaydada;

-yazılı birbaşa müraciət əsasında;

-Nazirliyin, DOST Agentliyinin, Fondun qəbul şöbələrinə yaxınlaşmaqla;

-“142” Çağrı mərkəzinə zəng etməklə;

-yaşayış yeri üzrə Fondun regional filiallarına və şəhər (rayon) qəbul şöbələrinə yaxınlaşmaqla;

-DOST mərkəzlərinə müraciət etməklə.

Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər.

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) nə zaman ödənilir?

Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir.

Ehtiyac meyarı nədir?

Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda "ailə" anlayışı dedikdə kimlər nəzərdə tutulur?

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda "ailə" anlayışı dedikdə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər nəzərdə tutulur.

Ailənin orta aylıq gəliri nədir?

Ailənin orta aylıq gəliri ailənin gəlirinin orta aylıq göstəricisidir.

Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir.

Hansı ailələr aztəminatlı ailə sayılır?

Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə sayılır.

Ünvanlı dövlət sosial yardımı nədir?

Aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

Hansı ailələr ünvanlı dövlət sosial yardımı (ÜDSY) ala bilər?

Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) məqsədi və prinsipləri nədir?

Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.

Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:

1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur;

2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur;

3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği nə qədərdir?

Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Ailənin orta aylıq gəlirinin hesablanması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

ÜDSY almaq hüququna yenidən baxılması qaydası nədir?

Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir.

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır.

Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Ailə artıq ödənilmiş sosial yardımın məbləğini qaytarmaqdan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin olunması üçün hansı orqanların və təşkilatların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur?

Ünvanlı dövlət sosial yardımının təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədilə aşağıdakı dövlət orqanlarının və təşkilatların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur:

  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi;
  • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
  • Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;
  • Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;
  • Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;
  • Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
  • Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
  • Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
  • Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi;
  • “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;
  • Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi;
  • Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi;
  • yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri.

 

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) üçün elektron müraciət qeydə alındıqdan sonra bu barədə bildiriş hansı formada təqdim edilir?

Elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və təmsilçinin "Ərizə-bəyannamə"də qeyd etdiyi əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) üçün müraciətə baxılma müddəti nə qədərdir?

Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə məlumat nə zaman aidiyyəti üzrə göndərilir?

Müraciətin qəbul olunduğu gün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələrinin ünvanlı sosial yardım üzrə işçisinə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi üçün maddi-məişət şəraitinin müayinəsi necə həyata keçirilir?

Sosial yardım üzrə işçi ailənin maddi-məişət şəraitinin müayinəsini müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür.

“Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən məlumatlar yoxlanarkən hansı məlumatlarla uzlaşdırılır?

“Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyini prosesində məlumatların yoxlanılması zamanı hansı hallarda imtina edilir?

Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda “Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır.

Hansı halda ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin olunmasından imtina edilir?

Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

-“Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;

-sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;

-sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;

-ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);

-ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq struktur bölmələri tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);

-ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda;

-ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyinatı və ya imtina edilməsi ilə bağlı qərar verilərkən təmsilçiyə bu barədə məlumat verilirmi?

“Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əlaqə vasitələrinin birinə məlumat göndərilir.

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin olunmuş ailəyə vəsait necə ödənilir?

Ünvanlı dövlət sosial yardımı vəsaiti ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə şəxs hansı müddət ərzində məlumat verməlidir?

Sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi, əmlakı və gəlirləri dəyişdikdə) sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (beş) iş günü müddətində məlumat verməlidir.

Hansı hallarda ünvanlı dövlət sosial yardımının (ÜDSY) verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır?

“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.

Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.

Hansı hallarda ünvanlı dövlət sosial yardımının (ÜDSY) verilməsi həmin halın baş verdiyi gündən dayandırılır?

Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır.

Hansı hallarda ünvanlı dövlət sosial yardımının (ÜDSY) verilməsi 1 (bir) il müddətinə məhdudlaşdırılır?

Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinin tələbi pozulduqda həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyini və imtina ilə bağlı qərardan hansı formada və hansı quruma şikayət etmək olar?

Sosial yardımın təyin edilməsi və sosial yardım təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Ailənin gəliri deyərkən nələr nəzərdə tutulur?

Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir.

Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı aparılan video və fotoçəkiliş üzrə məlumatlardan) istifadə edilir.

Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür.

Muzdlu işlə əlaqədar gəlirlər hansılardır?

Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:

-əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri)  istisna olmaqla), qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə);

-istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər;

-işəgötürən tərəfindən ödənilən müavinətlər (ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (uşaq doğularkən ödənilən birdəfəlik müavinət, dəfn üçün müavinət, radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət) istisna olmaqla).

Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər hansılardır?

Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.

Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir.

Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir.

Transfertlər və digər gəlirlər hansılardır?

Ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər və kompensasiya xarakterli ödənişlər (“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.24.3-cü yarımbəndində göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (bu Qaydanın 5.24.2-ci yarımbəndində göstərilən hallar istisna olmaqla), qrantlar, aliment, sığorta ödənişi aiddir.

Natura formasında əldə olunan gəlirlər hansılardır?

Natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.

Ailə üzvünün muzdlu işlə əlaqədar və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər necə hesablanır?

Ailə üzvünün muzdlu işlə əlaqədar gəlirləri və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər vergi, əmək və sığorta qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır.

Sadələşdirilmiş vergi ödəyicisi olan ailə üzvünün gəlirləri necə hesablanır?

Sadələşdirilmiş vergi ödəyicisi olan ailə üzvünün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində gəliri onun dövriyyəsi və şərti rentabellik normaları əsasında müəyyənləşdirilir.

Torpaq payından əldə olunan gəlirlər necə hesablanır?

Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Həyətyanı torpaq sahəsindən əldə olunan gəlir hesablanarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş normalardan artıq sahələr nəzərə alınır. Bu zaman normadan artıq sahədən əldə olunan gəlir ailənin torpaq payı olduqda həmin pay üzrə ən aşağı keyfiyyət qrupunun, torpaq payı olmadıqda isə müvafiq rayon üzrə torpağın ən aşağı keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin normadan artıq sahəyə vurulması yolu ilə hesablanır.

Yardımçı təsərrüfatdan əldə olunan gəlirlər necə hesablanır?

Şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 1 may tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial yardımların alınması üçün şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanması Qaydası”na uyğun olaraq və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilən məlumatlara əsasən hesablanır.

Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə və ya icarəyə götürüldükdə gəlirin hesablanması necə aparılır?

Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə və ya icarəyə götürüldükdə icarə haqqı ailənin gəlirində nəzərə alınır. Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə icarə haqqı ailənin gəlirinə daxil edilir, icarəyə götürüldükdə isə ailənin gəlirindən çıxılır. İcarə haqqı natura ilə ödənildiyi halda onun dəyəri natura formasında gəlirin hesablandığı qaydada hesablanır.

Əmlakın satılmasından əldə edilən gəlir necə nəzərə alınır?

Əmlakın satılmasından əldə edilən gəlir bu əməliyyatdan əldə edilən gəlirdən alqı-satqı ilə bağlı rəsmi sənədlə təsdiqlənmiş xərc çıxılmaqla hesablanır.

Əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar necə nəzərə alınır?

Əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar ödəniş sənədinə daxil edildiyi ayda, əməkhaqqı, pensiya, müavinət, təqaüd isə hesablandığı dövrün gəlirində nəzərə alınır.

Ailəyə ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin olunanda aliment ailənin gəlirlərində hansı formada nəzərə alınır?

Faktiki ödənilən alimentlər ailənin məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə ailənin məcmu gəlirində nəzərə alınır.

Qəyyumun (himayəçinin) gəliri ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin olunarkən nəzərə alınırmı?

Barəsində qəyyumluq (himayəçilik və ya patronaj) müəyyən edilmiş şəxslərin sosial yardım hüququ müəyyən edilərkən onlarla eyni təsərrüfatda yaşamayan qəyyumun (himayəçinin) gəliri nəzərə alınmır.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi zamanı orta aylıq gəlirin hesablanması qaydası necədir?

 Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi zamanı orta aylıq gəlir hesablanarkən hansı gəlirlər çıxılır?

Ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən aşağıdakılar çıxılır:

-vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər;

-təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri);

-ailə üzvünə ödənilən birdəfəlik müavinətlər və kompensasiyalar (radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik müavinət və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət və paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası);

-ailə sosial yardım üçün təkrar müraciət etdikdə ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət hansı qurum tərəfindən həyata keçirilir?

Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Əvvəlki illər üzrə ehtiyac meyarının həddi nə qədər müəyyənləşib?

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə illər üzrə ehtiyac meyarının həddi:

2006-cı il üçün ehtiyac meyarının həddi 30 manat;

2007-ci il yanvarın 1-dən 35 manat;

2007-ci il iyulun 1-dən 40 manat;

2008-ci il yanvar ayının 1-dən 45 manat;

2008-ci il iyul ayının 1-dən 55 manat;

2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat;

2010-cu il üçün ehtiyac meyarının həddi 65 manat;

2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat;

2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat;

2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat;

2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat;

2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat;

2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat;

2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat;

2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat;

2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat;

2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat;

2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat;

2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat;

2023-ci il üçün ehtiyac meyarının həddi 246 manat;

2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat;

2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat.

 

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailə sonradan internet çəkdirərsə, bu hal yardımın dayandırılmasına səbəb ola bilər?

Xeyr, belə hal "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayıb.

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailənin üzvü kredit alan və ailə üzvü olmayan bir şəxsə zamin durarsa, bu hal yardımın dayandırılmasına səbəb ola bilər?

Xeyr, belə hal "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayıb.

Vətəndaşın əlilliyi yoxdur, müharibə veteranlarına verilən 80 manat Prezident təqaüdü alan şəxsdir. Ünvanlı dövlət sosial yardımına (ÜDSY) müraciət zamanı vətəndaşdan iş tələb olunurmu?

Bəli. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda belə hal nəzərdə tutulmayıb (maddə 3).

Hal-hazırda ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailə üzvü kredit götürərsə, təyin olunmuş ÜDSY dayandırıla bilərmi?

Xeyr, kredit ailənin orta aylıq gəlirinə daxil edilmir.

Vətəndaş mülkiyyətində olmayan avtomobili etibarnamə ilə idarə edirsə, ünvanlı dövlət sosial yardımına (ÜDSY) müraciət edə bilərmi?

Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir.

Ailə 4 nəfərdən ibarətdir – ata, ana, 2 azyaşlı uşaq. Uşaqlardan biri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsdir. Ünvanlı dövlət sosial yardımına (ÜDSY) müraciət edən zaman atanı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs, ananı isə 8 yaşına çatmayan uşağa qulluq edən şəxs kimi göstərmək olarmı?

Ailədə bir nəfər 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və digər ailə üzvü isə 8 yaşına çatmayan uşağa qulluq edən şəxs kimi göstərilə bilər.

Hansı hallarda ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin olunur?

Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti sosial yardım üzrə işçiyə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.