Şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvləri Nazirliyin saytında “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər. Axtarışın nəticəsi olaraq “Şəhid hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu yer məlum olmadıqda isə mirasının olduğu yer üzrə notariat ofisinə müraciət edir.
Birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşlarının vərəsələri aşağıdakı sənədləri təqdim etməlidirlər:
-şəxsiyyət vəsiqəsi;
-vəfat etmiş şəxsə aid tibbi sənədlər (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı);
-vəfat etmiş şəxsə aid əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar və ya 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış;
-birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;
-vərəsəlik hüququ haqqında şəhadətnamə.
Vətəndaşın əlillik səbəbi 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində müəyyən edilmişdirsə, şamil olunur.
Vətəndaşın kağız daşıyıcıda təqdim etdiyi əlillik barədə sənəd təsdiqlənməsi üçün Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilir və təsdiqləndikdən sonra ödəniş proaktiv qaydada icra edilir.
Həmin şəxslərə birdəfəlik ödəmə müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq təyin olunur.
Vətəndaşın əlillik səbəbi 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində müəyyən edildikdə onun birdəfəlik ödəmə almaq hüququ yaranır.
Yazılı müraciətin qeydiyyata alındığı gündən 20 (iyirmi) iş günü müddətində birdəfəlik ödəmənin verilməsi barədə Fond tərəfindən müvafiq qərar qəbul edilir. Müvafiq qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq birdəfəlik ödəmə Fond tərəfindən nağdsız qaydada ödənilir.