Dövlət icbari şəxsi sığortası üzrə
Dövlət icbari şəxsi sığorta ödənişləri kimləri əhatə edir?

Dövlət icbari şəxsi sığorta ödənişləri hərbi qulluqçuları, məhkəmə və hüquq mühafizə orqanları işçilərini, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarını və inzibati-texniki xidməti həyata keçirən şəxsləri əhatə edir.

Sığorta ödənişini almaq hüququna kimlər malikdir?

Azərbaycan Respublikası Milli Məclisinin deputatları, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər, barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin əməkdaşları, habelə onların vərəsələri sığorta ödənişini almaq hüququna malikdirlər.

Sığortalı qurumlar dedikdə hansı qurumlar nəzərdə tutulur?

Sığortalı qurumlar dedikdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Baş Prokurorluq, Hərbi Prokurorluq, Milli Məclis, Azərbaycan Respublikasının məhkəmələri nəzərdə tutulur.

Dövlət icbari şəxsi sığorta üçün müraciətlər hansı qurumlarda qəbul edilir?

Sığorta ödənişi almaq hüququ olan şəxslər Fondun müvafiq struktur bölmələrinə və Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST mərkəzlərinə, barələrində məlumatlarının məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar və onların vərəsələri birbaşa Fondun Aparatına, hadisə baş verdiyi anda və sığorta ödənişi almaq hüququ yarandıqdan sonra Azərbaycan Respublikasından kənarda fəaliyyətini davam etdirən sığortaolunanlar isə sığorta ödənişinin verilməsi üçün ərizəni və ona əlavə edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Bölməyə və ya Mərkəzə təqdim edirlər. 

Dövlət icbari şəxsi sığorta ödənişinin icrası barədə müraciət edən şəxsə neçə gün müddətində məlumat verilir?

Ərizə qeydə alındıqdan sonra bu barədə müraciət edən şəxsə 3 (üç) iş günü müddətində müraciətdəki əlaqə vasitələrindən birinə bildiriş (3 nömrəli əlavə) göndərilir.

Dövlət icbari şəxsi sığorta ödənişi hansı formada həyata keçirilir?

Sığorta ödənişi nağdsız qaydada şəxsin bank hesabına köçürülür və bu barədə sığorta ödənişi almaq hüququ olan şəxsə SMS vasitəsilə məlumat verilir.

Yeni sığorta hadisəsi baş verdikdə sığorta ödənişi hansı formada ödənilir?

Sığorta ödənişini almaq hüququ olan şəxslərin müraciəti zamanı təqdim olunan sənədlər əsasında təyinat aparılır və sığorta ödənişi nağdsız qaydada şəxsin bank hesabına köçürülür.

Hərbi qulluqçulara hansı miqdarda sığorta ödənişi verilir?

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 1997-ci il 20 may tarixli 296-IQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə bu sığorta ödənişi müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərinə əsasən verilir. Sığortaolunan həlak olduqda, xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, xidmət zamanı aldığı xəsarətlə və ya xəstəliklə əlaqədar xidmətdən çıxdıqdan sonra üç il müddətində öldükdə sığorta məbləğinin 100 faizi (11000 manat) nisbətində, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə sığorta məbləğinin 80 faiz (8800 manat), 61-80 faiz pozulmasına görə 60 faiz (6600 manat), 31-60 faiz pozulmasına görə 40 faiz (4400 manat) nisbətində, hərbi xidmət dövründə aldığı ağır xəsarətə görə 25 faiz (2750 manat), az ağır xəsarətə görə 15 faiz (1650 manat), yüngül xəsarətə görə 5 faiz (550 manat) nisbətində sığorta ödənişi verilir.

Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinə hansı miqdarda sığorta ödənişi verilir?

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” 1999-cu il 5 oktyabr tarixli 705-IQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə bu sığorta ödənişi müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərinə əsasən verilir. Sığortaolunan həlak olduqda, xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) səbəbindən xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə  sığorta məbləğinin 100 faizi nisbətində, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə sığorta məbləğinin 80 faiz, 61-80 faiz pozulmasına görə 60 faiz, 31-60 faiz pozulmasına görə 40 faiz nisbətində, xidməti vəzifələrin icrası zamanı aldığı ağır xəsarətə görə 20 faiz, az ağır xəsarətə görə 15 faiz, yüngül xəsarətə görə isə 10 faiz nisbətində sığorta ödənişi verilir.

Milli Məclisin deputatlarına hansı miqdarda sığorta ödənişi verilir?

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” 1996-cı il 17 may tarixli 73-IQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, sığortaolunan 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə bu sığorta ödənişi müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərinə əsasən verilir. Sığortaolunan həlak olduqda, deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra deputat olarkən aldığı xəsarət səbəbindən üç il müddətində öldükdə sığorta məbləğinin 100 faizi nisbətində, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə sığorta məbləğinin 80 faiz, 61-80 faiz pozulmasına görə 60 faiz, 31-60 faiz pozulmasına görə 40 faiz nisbətində, ağır xəsarətə görə 20 faiz, az ağır xəsarətə görə 10 faiz, yüngül xəsarətə görə isə 5 faiz nisbətində sığorta ödənişi verilir.

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə hansı miqdarda sığorta ödənişi verilir?

“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” 2004-cü il 18 may tarixli 651-IIQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı on bir min manat, digər diplomatik vəzifə tutan şəxslər altı min altı yüz manat, inzibati-texniki xidməti həyata keçirən şəxslər isə dörd min dörd yüz manat həcmində sığorta edilirlər. Sığortaolunan həlak olduqda, sığorta hadisəsi nəticəsində sağlamlığına vurulmuş zərərdən bu hadisənin baş verdiyi gündən üç il müddətində vəfat edərsə, sığorta məbləğinin 100 faizi nisbətində, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə sığorta məbləğinin 80 faiz, 61-80 faiz pozulmasına görə 60 faiz, 31-60 faiz pozulmasına görə 40 faiz nisbətində, xidməti vəzifələrin icrası zamanı aldığı ağır xəsarətə görə 20 faiz, az ağır xəsarətə görə 15 faiz, yüngül xəsarətə görə isə 10 faiz nisbətində sığorta ödənişi verilir.

Ağır, az ağır və yüngül xəsarət növləri necə müəyyən edilir?

Ağır, az ağır və yüngül xəsarət növləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na uyğun olaraq müəyyən edilir.

Dövlət icbari şəxsi sığorta üzrə hərbi qulluqçuların müraciəti zamanı hansı sənədlər tələb olunur?

Dövlət icbari şəxsi sığorta üzrə hərbi qulluqçuların müraciəti zamanı tələb olunan sənədlər:

-ərizə;

-şəxsiyyət vəsiqəsi;

-vərəsəlik hüququ haqqında şəhadətnamə (həlak olması halında);

-sığortaolunanın ölümü haqqında şəhadətnamə (həlak olması halında);

-tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi (xəsarət və ya xəstəlik nəticəsində 3 il müddətində ölüm halında);

-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (xəbərsiz itkin düşmə və məhkəmə qərarı ilə ölmüş elan edilmə halında);

-TSEK-in əlillik barədə qərarı (əlillik halında);

-xəsarətin dərəcəsinə və səbəbinə dair arayış (xəsarət halında);

-baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış (bütün hallarda);

-sığorta ödənişinin verilməsi ilə bağlı başqa şəxs tərəfindən müraciət edildikdə etibarnamənin surəti.

Dövlət icbari şəxsi sığorta üzrə məhkəmə və hüquq mühafizə orqanları işçilərinin müraciəti zamanı hansı sənədlər tələb olunur?

Dövlət icbari şəxsi sığorta üzrə məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin müraciəti zamanı tələb olunan sənədlər:

-ərizə;

-şəxsiyyət vəsiqəsi;

-vərəsəlik hüququ haqqında şəhadətnamə (həlak olması halında);

-sığortaolunanın ölümü haqqında şəhadətnamə (həlak olması halında);

-tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi (xəsarət nəticəsində 3 il müddətində ölüm halında);

-TSEK-in əlillik barədə qərarı (əlillik halında);

-xəsarətin dərəcəsinə və səbəbinə dair arayış (xəsarət halında);

-baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış (bütün hallarda);

-sığorta ödənişinin verilməsi ilə bağlı başqa şəxs tərəfindən müraciət edildikdə etibarnamənin surəti.

Dövlət icbari şəxsi sığorta üzrə Milli Məclisin deputatlarının müraciəti zamanı hansı sənədlər tələb olunur?

Dövlət icbari şəxsi sığorta üzrə Milli Məclisin deputatlarının müraciəti zamanı tələb olunan sənədlər:

-ərizə;

-şəxsiyyət vəsiqəsi;

-vərəsəlik hüququ haqqında şəhadətnamə (həlak olması halında);

-sığortaolunanın ölümü haqqında şəhadətnamə (həlak olması halında);

-tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi (xəsarət  nəticəsində 3 il müddətində ölüm halında);

-TSEK-in əlillik barədə qərarı (əlillik halında);

-xəsarətin dərəcəsinə və səbəbinə dair arayış (xəsarət halında);

-baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış (bütün hallarda);

-sığorta ödənişinin verilməsi ilə bağlı başqa şəxs tərəfindən müraciət edildikdə etibarnamənin surəti.

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin müraciəti zamanı hansı sənədlər tələb olunur?

Dövlət icbari şəxsi sığorta üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin müraciəti zamanı tələb olunan sənədlər:

-ərizə;

-şəxsiyyət vəsiqəsi;

-vərəsəlik hüququ haqqında şəhadətnamə (həlak olması halında);

-sığortaolunanın ölümü haqqında şəhadətnamə (həlak olması halında);

-tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi (xəsarət nəticəsində 3 il müddətində ölüm halında);

-TSEK-in əlillik barədə qərarı (əlillik halında);

-xəsarətin dərəcəsinə və səbəbinə dair arayış (xəsarət halında);

-baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış (bütün hallarda);

-sığorta ödənişinin verilməsi ilə bağlı başqa şəxs tərəfindən müraciət edildikdə etibarnamənin surəti.

Sənədlər müvafiq dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) əldə edilməsi mümkün olmadığı hallarda nə etmək lazımdır?

Qeyd olunan hallarda sənədlər ərizəçi tərəfindən kağız daşıyıcılarda təqdim edilir.