Muzdlu işlə əlaqədar və digər gəlirlərdən ödənilən məcburi dövlət sosial sığorta haqqı barədə məlumat

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi dövlət sosial sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

  • Muzdlu işdən əldə edilən gəlirlər üzrə:

Qanunun 14-cü maddəsinə əsasən, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
  • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir

sosial sığorta haqqı dərəcəsi

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan 8000 manatadək

25 faiz

6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi

44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 15 faizi

8000 manatdan çox olduqda

21 faiz

786 manat + 8000 manatdan çox olan hissənin 10 faizi

1214 manat + 8000 manatdan çox olan hissənin 11 faizi

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlər üzrə:

Muzdlu işdən əldə edilən aylıq gəlirlərdən əlavə olaraq muzdlu işə aid olmayan fəaliyyətdən (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar) gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında hesablanır:

Muzdlu işçi cəlb etmədən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar isə məcburi dövlət sosial sığorta haqqını minimum aylıq əməkhaqqının 5-8%-i miqdarında ödəyir və bu ödəniş əmsallar üzrə müəyyən edilir:

Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5, digər şəhər və rayonlarda 1 əmsal miqdarında ödənilir.

  • Digər fəaliyyət sahələri üzrə:
  • Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizi miqdarında;
  • Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
  • Vəkillər Kollegiyasının üzvləri, sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında;
  • Xüsusi notariuslar üzrə minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;
  • Xüsusi icra məmurları üzrə minimum aylıq əməkhaqqının beş mislinin 25 faizi miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

  • 5 hektaradək olduqda – 5 faiz miqdarında;
  • 5 hektardan 10 hektaradək olduqda – 7,5 faiz miqdarında;
  • 10 hektardan yuxarı olduqda – 12,5 faiz miqdarında.

Texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və həmin podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı ilə bağlanmış əmək müqaviləsi (kontraktı) əsasında həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.