Terminlərin izahlı lüğəti
Ailə

Ailə – qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər.

Ailə üzvlərinin gəlirləri

Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlər, muzdlu işlə əlaqədar olmayan gəlirlər, alınmış cari transfertlər və digər gəlirlər.

Ailəni təmsil edən şəxs

Ailəni təmsil edən şəxs yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs).

Azərbaycan Respublikasında müvəqqəti yaşayan

Azərbaycan Respublikasında müvəqqəti yaşayan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs.

Azərbaycan Respublikasında daimi yaşayan

Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs.

Ailə üzvlərinin digər gəlirləri

Ailə üzvlərinin digər gəlirləri ailə üzvlərinin digər şəxslərdən və ölkə xaricindən aldığı vəsaitlər.

Ailə kəndli təsərrüfatı

Ailə kəndli təsərrüfatı – ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsi.

Beynəlxalq müqavilələr

Beynəlxalq müqavilələr – beynəlxalq hüququn iki və ya daha artıq subyektləri arasında onların publik-hüquqi münasibətlərinin hər hansı bir sahəsində bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr müəyyən edən, dəyişdirən və ya ləğv edən beynəlxalq hüquqla nizama salınan saziş.

Bazar qiyməti

Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.

Cari transfertlər

Cari transfertlər bütün növ pensiyalar, sosial müavinətlər və kompensasiya xarakterli ödənişlər (“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın (Qayda) 5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (Qaydanın 5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, aliment, sığorta ödənişi.

Daşınmaz əmlak

Daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər.

Ehtiyac meyarı

Ehtiyac meyarı – əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd.

Ev təsərrüfatları büdcəsi

Ev təsərrüfatları büdcəsi – müəyyən müddət ərzində ev təsərrüfatlarının faktiki gəlir və xərclərinin balansı.

Ədalətlilik prinsipi

Ədalətlilik prinsipi sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur.

Əhalinin əsas sosial-demoqrafik qrupları

Əhalinin əsas sosial-demoqrafik qrupları yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s.).

Əmlakın satılmasından əldə edilən gəlir

Əmlakın satılmasından əldə edilən gəlir həmin əməliyyatdan əldə edilən gəlirdən alqı-satqı ilə bağlı rəsmi sənədlə təsdiqlənmiş xərc çıxılmaqla hesablanır.

Əcnəbilər

Əcnəbilər Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslər.

Fərdi məlumatlar

Fərdi məlumatlar şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat.

Fərdi məlumatların subyekti

Fərdi məlumatların subyekti barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs.

Fərdi məlumatların informasiya sistemi

Fərdi məlumatların informasiya sistemi qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya sistemi.

Həyətyanı torpaq sahəsindən əldə olunan gəlirlər

Həyətyanı torpaq sahəsindən əldə olunan gəlirlər – bu gəlirlər hesablanarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş normalardan artıq sahələr nəzərə alınır. Bu zaman normadan artıq sahədən əldə olunan gəlir ailənin torpaq payı olduqda həmin pay üzrə ən aşağı keyfiyyət qrupunun, torpaq payı olmadıqda isə müvafiq rayon üzrə torpağın ən aşağı keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin normadan artıq sahəyə vurulması yolu ilə hesablanır.

Himayədar valideyn (himayədar ailə)

Himayədar valideyn (himayədar ailə) – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə olunması üçün himayəyə götürən yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs (ər-arvad).

Xarici valyuta ilə əldə olunan gəlirlər

Xarici valyuta ilə əldə olunan gəlirlər – bu gəlirlərin əldə edildiyi tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə müvafiq hesablanır.

İcarə

İcarə – əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etmək.

Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər

Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir.

Qəyyumluq və himayə

Qəyyumluq və himayə – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi forması. Qəyyumluq 14 yaşınadək olan uşaqlara, himayə 14 yaşından 18 yaşınadək olan uşaqlara müəyyən edilir.

Minimum əmək haqqı

Minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ.

Məcburi dövlət sosial sığorta haqqı

Məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti.

Mülkiyyət hüququ

Mülkiyyət hüququ – əşya sahibinin əşya üzərində sahib olma, istifadə və sərəncam verməsi ilə xarakterizə olunan hüquqi və ya iqtisadi münasibət.

Məşğulluq

Məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti.

Muzdlu iş

Muzdlu iş – əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyəti.

Muzdlu işlə əlaqədar gəlirlər

Muzdlu işlə əlaqədar gəlirlər əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın (Qayda) 5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə), istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər, işəgötürən tərəfindən ödənilən müavinətlər (Qaydanın 5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla).

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər – sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər.

Natura formasında əldə olunan gəlirlər

Natura formasında əldə olunan gəlirlər – ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır.

Olduğu yer

Olduğu yer – şəxsin yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər, habelə mənzil, digər yaşayış sahəsi (özünün, qohumunun, tanışının və s.).

Özünüməşğulluq

Özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi.

Patronaj

Patronaj – sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin hüquq və mənafeyinin təmin edilməsinə və qorunmasına, eyni zamanda kömək göstərilməsinə yönələn fəaliyyət.

Rentabellik

Rentabellik mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən iqtisadi subyektin, müəssisənin, təşkilatın, fiziki şəxs kimi təsərrüfat subyektinin fəaliyyətinin iqtisadi səmərəliliyinin göstəricisi.

Yaşayış yeri

Yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri.

Valideynlərini itirmiş uşaqlar

Valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir.

Yaşayış minimumu

Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma.

Ünvanlılıq prinsipi

Ünvanlılıq prinsipi - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur

Ünvanlı dövlət sosial yardımı

Ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi - Azərbaycan Respublikasının Konstitusiyasından, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunundan , digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Torpaq sahəsi

Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

Torpaq payından əldə olunan gəlirlər

Torpaq payından əldə olunan gəlirlər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

Tam dövlət təminatında olan şəxslər

Tam dövlət təminatında olan şəxslər - uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər.

Şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlər

Şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlər -  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 1 may tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial yardımların alınması üçün şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanması Qaydası”na uyğun və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilən məlumatlara əsasən hesablanır.

Sosial yardımın məqsədi

Sosial yardımın məqsədi - aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.

Sosial yardım almaq hüququ olan ailələr

Sosial yardım almaq hüququ olan ailələr - sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində nəzərə alınmayan şəxslər

Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində nəzərə alınmayan şəxslər - tam dövlət təminatında olan şəxslər, müddətli həqiqi hərbi xidmətdə olan şəxslər, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər, axtarışda olan şəxslər, Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

Sosial yardımın maliyyə mənbəyi

Sosial yardımın maliyyə mənbəyi – sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Sosial yardımın məbləği

Sosial yardımın məbləği - ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Sosial yardımın təyin olunması müddəti

Sosial yardımın təyin olunması müddəti - onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

Sığorta

Sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.

Sosial xidmət müəssisələri

Sosial xidmət müəssisələri - mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq əhaliyə sosial xidmət göstərilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslər.

Sığortaedənlər

Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər.

Sortaolunanlar

Sortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər.

Bərabərlik prinsipi

Bərabərlik prinsipi sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur.

Aztəminatlı ailə

Aztəminatlı ailə – orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə.

Ev təsərrüfatı

Ev təsərrüfatı ailənin daimi yaşadığı yerdə iqtisadi obyekt və prosesləri əhatə edən iqtisadi fəaliyyətin əsas subyektlərindən biri.

Ailənin gəlirləri

Ailənin gəlirləri – ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusu.

Ailənin orta aylıq gəliri

Ailənin orta aylıq gəliri – ailənin gəlirinin orta aylıq göstəricisi.