Müavinətin məbləği 3-18 yaş arası uşaq üçün 240 manat, 0-18 yaş arası əlilliyi müəyyən edilmiş uşaq üçün isə 600 manatdır.
Müavinət uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə təyin edilir.
Bu müavinət 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin aşağıdakı hallardan biri baş verdikdə müavinətin ödənişi dayandırılır:
- övladlığa götürülən uşaq vəfat etdikdə;
- övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;
- müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;
- müavinət alan şəxs vəfat etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə.