Himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət
Himayədar ailələrə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə himayədar valideynlərə dövlət tərəfindən sosial yardım göstərilməsi məqsədilə aylıq sosial müavinət verilir.

Müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən əlilliyi olan uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda təyin edilir.

Müavinətin məbləği:

  • himayədar ailəyə verilmiş 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat;
  • himayədar ailəyə verilmiş əlilliyi olan 0–6 yaş arası uşağa görə – 500 manat, 7–13 yaş arası uşağa görə – 600 manat, 14–18 yaş arası uşağa görə – 650 manat.

Bu müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilənin qüvvədə olduğu müddətə təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin aşağıdakı hallardan biri baş verdikdə müavinətin ödənişi dayandırılır:

  • müavinət alan şəxs və ya himayədar ailəyə verilmiş uşaq vəfat etdikdə;
  • müavinət alan şəxsin və ya himayədar ailəyə verilmiş uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;
  • himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə ləğv edildikdə.
Müraciətə baxış