DSMF sədri Zəka Mirzəyev vətəndaşları qəbul edib
17 NOYABR 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev növbəti dəfə vətəndaş qəbulu keçirib.

Fondun Aparatının Qəbul Mərkəzində təşkil olunan görüşdə Bakı şəhərindən və respublikanın müxtəlif bölgələrindən olan vətəndaşlar iştirak ediblər.

Qəbulda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov da iştirak edib.

Qəbul zamanı vətəndaşların sosial təminat hüquqları ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən əmək pensiyalarının yenidən hesablanması, güzəştli şərtlərlə əmək pensiyası, Prezident təqaüdü, eləcə də sosial müavinət üzrə keçmiş dövr məbləğinin birdəfəlik ödənilməsi, ünvanlı dövlət sosial yardımı almaq hüququna tətbiq edilən birillik məhdudiyyətin aradan qaldırılması məsələləri ilə bağlı olub.

Qəbul zamanı səsləndirilən bütün müraciətlər qeydə alınaraq araşdırılıb, bir sıra məsələlər yerindəcə öz həllini tapıb.

Əlavə araşdırma tələb edən müraciətlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün Fondun aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.