Dövlət Sosial Müdafiə Fondu (DSMF) Uşaq hüquqları aylığı ilə əlaqədar ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrin, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları üçün maarifləndirici və əyləncəli tədbir təşkil edib.
“Kəşf dünyası: elmə səyahət” layihəsi çərçivəsində reallaşdırılan tədbir zamanı uşaqlar Elçin Abbasovun Hədəf STEM Liseyinin nəzdində fəaliyyət göstərən İnteraktiv Elm Muzeyini ziyarət ediblər. Burada onlar müxtəlif elmi proseslərlə tanış olub, maraqlı təcrübə proseslərində fəal iştirak ediblər.
Tədbir çərçivəsində həmçinin DSMF-nin Hüquq və daxili nəzarət departamentinin əməkdaşı tərəfindən Uşaq hüquqları aylığı ilə əlaqədar maarifləndirici sessiya keçirilib. Uşaqlara hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
İnteraktiv elmi proqram uşaqların elmə və yeni biliklərə marağının artırılması, müşahidə, analiz və öyrənmə qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından önəmli təcrübə olub. Hüquqi maarifləndirmə sessiyası isə onların hüquq və vəzifələrini öyrənməsi nöqteyi-nəzərindən xüsusilə əhəmiyyətlidir.
Tədbirin məqsədi ÜDSY alan ailələrin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının maarifləndirici və sosial fəaliyyətlərdə iştirakına, eləcə də yeni bilik və təcrübələr əldə etməsinə şərait yaratmaq, asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.







