Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ildönümünə və 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərin varisləri: şəhid və müharibə iştirakçılarının övladları üçün şəxsi inkişaf proqramı” həyata keçiriləcək.
2026-cı ilin noyabr ayından 2027-ci ilin noyabr ayınadək davam edəcək birillik proqramın məqsədi şəhidlərin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının övladlarının şəxsi inkişafına dəstək göstərmək, onların sosial bacarıqlarını gücləndirmək, cəmiyyətin fəal, təşəbbüskar və məsuliyyətli üzvləri kimi formalaşmalarına töhfə verməkdir.
DSMF ilə “McDonald’s Azərbaycan” QSC arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində reallaşdırılan layihənin açılış mərasimi “McDonald’s” restoranında keçirilib.
Qeyri-formal təhsil prinsiplərinə əsaslanan proqram çərçivəsində iştirakçılar üçün kommunikasiya, məhsuldarlıq, liderlik və komanda işi, adaptasiya və dəyişikliklərə hazırlıq, emosional intellekt və empatiya olmaqla beş əsas istiqamət üzrə təlimlər təşkil ediləcək. Təlimlər praktik tapşırıqlar, qrup işləri, simulyasiyalar, müzakirələr və digər interaktiv metodlar vasitəsilə reallaşdırılacaq.
Bu yanaşma iştirakçıların əldə etdikləri bilik və bacarıqları gündəlik həyatda tətbiq etmələrinə, öz potensiallarını üzə çıxarmalarına və sosial fəallıqlarını artırmalarına imkan yaradacaq.
Layihənin istiqamətlərindən biri də iştirakçılar arasından təlimçi potensialına malik gənclərin müəyyənləşdirilməsi və onların “Təlimçilərin təlimi” (ToT) proqramı vasitəsilə hazırlanmasıdır. Proqramı uğurla başa vuran iştirakçılar təcrübəli təlimçilərin mentorluğu ilə digər iştirakçılar üçün təlimlər keçmək imkanı qazanacaqlar.
Bununla yanaşı, layihə müddətində təlimçi və mentor şəbəkəsinin formalaşdırılması, iştirakçılar arasında təcrübə mübadiləsinin təşkili, birgə fəaliyyətlərin həyata keçirilməsi və yeni təlim təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur. Bu mexanizm proqramın birillik icra müddəti başa çatdıqdan sonra da davamlılığının təmin olunmasına xidmət edəcək.
Proqram şəhidlərin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının 15–23 yaş aralığında olan övladlarını əhatə edəcək.
“Zəfərin varisləri” layihəsi şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının davamı olaraq onların övladlarının fərdi potensialının inkişafına, gələcək həyat və karyera imkanlarının genişləndirilməsinə dəstək məqsədi daşıyır.
Layihədə iştirak etmək üçün yuxarıda qeyd edilən kateqoriyadan olan benefisiarlarımız ad, soyad, ata adı, FİN kod və əlaqə nömrələrini təqdim etməklə dsmf_projects@sosial.gov.az elektron poçt ünvanı vasitəsilə, DOST mərkəzləri, “142” Çağrı mərkəzi və ya Dövlət Sosial Müdafiə Fondunun qəbul mərkəzlərində qeydiyyatdan keçə bilərlər.







