“Uşaq hüquqları aylığı” çərçivəsində şəhid və müharibə iştirakçılarının övladları üçün yaradıcı master-klas təşkil olunub

Dövlət Sosial Müdafiə Fondunun və "Masterklass Azərbaycan"ın birgə təşkilatçılığı ilə Vətən müharibəsinin 6-cı ildönümü, eyni zamanda “Uşaq hüquqları aylığı” çərçivəsində şəhid və müharibə iştirakçılarının övladları üçün yaradıcı master-klas keçilib.

“Qəhrəmanların yaradıcı varisləri” adlanan gil fiqur boyama üzrə master-klasda Vətən müharibəsi şəhidlərinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları iştirak ediblər.

Tədbir uşaqların yaradıcı bacarıqlarının inkişafı, asudə vaxtlarının səmərəli təşkili və onlar üçün maraqlı mühitin yaradılması baxımından əhəmiyyət daşıyıb.

Həmçinin DSMF-nin Hüquq departamentinin əməkdaşı tərəfindən iştirakçılar üçün uşaq hüquqlarına dair interaktiv seminar təşkil olunub. Seminarda iştirakçılara uşaqların hüquq və vəzifələri barədə məlumat verilib, onların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Belə təşəbbüslər uşaqların sosial inkişafına, hüquqi biliklərinin artırılmasına və onların asudə vaxtlarının maraqlı, faydalı fəaliyyətlərlə zənginləşdirilməsinə xidmət edir.