Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın tətbiqi ilə əlaqədar Tovuz rayonunda sığortaedənlərin bu sahə üzrə məsul əməkdaşları üçün “Yeni Qayda, yeni yanaşmalar” mövzusunda təlim təşkil edib.
Tovuz rayonu üzrə 38 sığortaedənin 70 əməkdaşının iştirak etdiyi tədbirdə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktor müavini Ruslan Abuşov təsdiq edilmiş yeni Qaydanın tələblərinə uyğun formada məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi şərtləri barədə məlumat verib.
Bundan başqa yeni Qaydanın tətbiqinin sığortaedən və sığortaolunanlar üçün gətirdiyi üstünlüklər və faydalar iştirakçıların diqqətinə çatdırılıb. Müavinətlərin avtomatlaşdırılmış qaydada təyin edilməsinin sığortaedənlərin inzibati iş yükünü əhəmiyyətli dərəcədə azaldacağı qeyd olunub.
Sığortaolunanlara münasibətdə artıq sığorta stajından asılı olmayaraq (6 aydan az olmamaq şərtilə) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hamıya 100 faiz miqdarında hesablanıb ödənilməsinin, işləyən və əlilliyi olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsinin təqvim ilində 6 aydan 1 il müddətinə artırılmasının, əlilliyi olan uşaqlara görə 3 yaşınadək uşağa qulluq müavinətinin ikiqat miqdarda ödənilməsinin, əskik ödəmə halında nəzərdə tutulmuş müddət daxilində müavinətin yenidən hesablanıb ödənilməsi imkanının yeni Qaydanın əsas üstünlüklərindən olduğu vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və belə tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.







