“Yeni Qayda, yeni yanaşmalar” mövzusunda növbəti təlim Biləsuvarda təşkil edilib
21 OKTYABR 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın tətbiqi ilə əlaqədar sığortaedənlərin bu sahə üzrə məsul əməkdaşları üçün “Yeni Qayda, yeni yanaşmalar” mövzusunda növbəti təlimi Biləsuvar rayonunda təşkil edib.

Təlimdə Biləsuvar Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, bələdiyyə, səhiyyə və təhsil müəssisələri, eləcə də mənzil kommunal təsərrüfatı sahələri, rayon olimpiya idman kompleksi, statistika idarəsi, suvarma sistemləri idarəsi, rayon dövlət aqrar inkişaf mərkəzi, rayon dövlət yanğından mühafizə hissəsi, cənub ərazi baş gömrük idarəsi və bir sıra özəl şirkətlərin ümumilikdə 72 əməkdaşı iştirak edib.

Tədbirdə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktor müavini İlqar Məsimov təsdiq edilmiş yeni Qaydanın tələblərinə uyğun formada məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi şərtləri barədə məlumat verib.

Bundan başqa yeni Qaydanın tətbiqinin sığortaedən və sığortaolunanlar üçün gətirdiyi üstünlüklər və faydalar iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, müavinətlərin avtomatlaşdırılmış qaydada təyin edilməsi sığortaedənlərin inzibati iş yükünü əhəmiyyətli dərəcədə azaldacaq.

Sığortaolunanlara münasibətdə isə artıq sığorta stajından asılı olmayaraq (6 aydan az olmamaq şərtilə) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hamıya 100 faiz miqdarında hesablanıb ödənilməsi, işləyən və əlilliyi olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsinin təqvim ilində 6 aydan 1 il müddətinə artırılması, həmçinin əlilliyi olan uşaqlara görə 3 yaşınadək uşağa qulluq müavinətinin ikiqat miqdarda ödənilməsi, əskik ödəmə halında nəzərdə tutulmuş müddət daxilində müavinətin yenidən hesablanıb ödənilməsi imkanı yeni Qaydanın əsas üstünlüklərindəndir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bu qəbildən olan tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.