DSMF-nin icraçı direktoru şəhid Ələddin Səidovun ailəsi ilə görüşüb
20 OKTYABR 2026

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) icraçı direktoru Mail Məmmədov Vətən müharibəsində həlak olmuş Səidov Ələddin Azər oğlunun ailəsinə baş çəkib. Ziyarət zamanı ailənin sosial durumu ilə tanış olunub, şəhid ailələrinin rifahının yaxşılaşdırılması məqsədilə görülən işlər və onlara göstərilən dövlət dəstəyi barədə fikir mübadiləsi aparılıb. 

Görüşdə Ələddin Səidovun şəxsiyyəti, həyatının müxtəlif mərhələləri və mənəvi keyfiyyətləri xatırlanıb. O, hər kəsin xatirələrində nümunəvi davranışı, vətənpərvərliyi, səmimiyyəti və dostlarına sədaqəti ilə seçilən insan kimi qalıb.

1992-ci ildə dünyaya gələn Ələddin Səidov orta təhsilini başa vurduqdan sonra Azərbaycan Texniki Universitetinə daxil olub və universitet təhsilini tamamlayıb.

Azərbaycan Ordusunun əsgəri kimi Vətən müharibəndə Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, fəallığı və göstərdiyi şücaətlə fərqlənib. Noyabrın 3-də Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ələddin Səidovun döyüşlərdə göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezidentin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları, həmçinin III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.