ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

UNİCEF-lə əməkdaşlıq məsələləri müzakirə olunub
31 OKTYABR 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Aleks Haykenslə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunmasının Prezident İlham Əliyevin sosial inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
Ölkəmizdə həssas qruplardan olan uşaqlarla bağlı sosial xidmətlər sisteminin əhatə dairəsinin ildən-ilə genişləndiyini, bu xidmətlərin uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası, normal həyata dönüşünün təmin olunması istiqamətində qurulduğunu diqqətə çatdırıb.
S.Babayev ötən dövrdə bu istiqamətdə UNİCEF-lə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, ölkəmizin təşkilatla sıx və davamlı tərəfdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. 
Hazırda həyata keçirilən fəaliyyətlərin 2020-ci ildə imzalanmış “2021-2025-ci illər üzrə Ölkə Əməkdaşlıq Proqramı” çərçivəsində davam etdirildiyini qeyd edən nazir ötən dövrdə Nazirliklə təşkilat arasında 6 fəaliyyət planının imzalandığını, 14 istiqamət üzrə birgə görülmüş çoxşaxəli işləri vurğulayıb.
O, fəaliyyət müddəti başa çatan A.Haykensə Azərbaycan ilə UNİCEF arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edərək gələcək fəaliyyətində uğurlar arzulayıb. 
A.Haykens Azərbaycanın uşaqların müdafiəsi sahəsində uğurlu iş təcrübəsini qeyd edib, ölkədə azyaşlıların rifahının dəstəklənməsi, onların sosial xidmətlərlə əhatə edilməsi üçün məqsədyönlü fəaliyyətin həyata keçirildiyini bildirib.
Ölkəmizdə olduğu dövrdə bütün sahələrdə inkişaf proseslərini maraqla izlədiyini və Azərbaycandan xoş təəssüratlarla ayrılacağını vurğulayıb.
Nazirliklə cari əməkdaşlıq və görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılıb.