Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) təşkilatçılığı ilə “İnsan resurslarının idarə edilməsinin təkmilləşdirilməsi üçün yaxşı idarəçilik” mövzusunda vebinar keçilib.
Vebinarda sosial təminat qurumlarında insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsi, rəqəmsal transformasiya şəraitində əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, istedadlı kadrların cəlb edilməsi və saxlanılması, eləcə də kadr ehtiyatının planlaşdırılması üçün yaxşı idarəçilik yanaşmaları barədə məlumat verilib.
Vebinarda iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli BSTA-nın yenilənmiş “Yaxşı idarəçilik” üzrə təlimatlarında insan resurslarının idarə edilməsinə dair əsas dəyişikliklərdən bəhs edib. Sosial təminat qurumlarının rəqəmsal inkişafında texnoloji həllərlə yanaşı, əməkdaşların rəqəmsal bilik və bacarıqlarının artırılmasının da mühüm rol oynadığı, Fondda təlim ehtiyaclarının müəyyənləşdirilməsi, əməkdaşların peşəkar inkişafı və daha çevik, işçi yönümlü insan resursları mühitinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Vebinarda müstəqil ekspert Pablo Souto, Panama Respublikasının Sosial Sığorta Fondunun baş icraçı direktoru Dino Mon, Hindistan Respublikasının İşçilərin Yığım Fondu Qurumunun I dərəcəli regional yığım fondu komissarı Dhanasekar Raman da iştirak ediblər.







