“Yeni Qayda, yeni yanaşmalar” mövzusunda treninq təşkil edilib
17 İYUN 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın tətbiqi ilə əlaqədar Sumqayıt şəhərində sığortaedənlərin bu sahə üzrə məsul əməkdaşları üçün “Yeni Qayda, yeni yanaşmalar” mövzusunda treninq təşkil edib. 

Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 17 sığortaedənin 62 əməkdaşının iştirak etdiyi tədbirdə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev təsdiq edilmiş yeni Qaydanın tələblərinə uyğun formada məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi şərtləri barədə məlumat verib. 

Bundan başqa yeni Qaydanın tətbiqinin sığortaedən və sığortaolunanlar üçün gətirdiyi üstünlüklər və faydalar iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, müavinətlərin avtomatlaşdırılmış qaydada təyin edilməsi sığortaedənlərin inzibati iş yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Sığortaolunanlara münasibətdə isə artıq sığorta stajından asılı olmayaraq (6 aydan az olmamaq şərtilə) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hamıya 100 faiz miqdarında hesablanıb ödənilməsi, işləyən və əlilliyi olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsinin təqvim ilində 6 aydan 1 il müddətinə artırılması, həmçinin əlilliyi olan uşaqlara görə 3 yaşınadək uşağa qulluq müavinətinin ikiqat miqdarda ödənilməsi, əskik ödəmə halında nəzərdə tutulmuş müddət daxilində müavinətin yenidən hesablanıb ödənilməsi imkanı yeni Qaydanın əsas üstünlüklərindəndir. 

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri İradə Rizazadə və Zülfiyyə Nuriyeva da iştirak ediblər. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və belə tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.