















Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Avstraliyanın Sidney şəhərində keçirilən İMEC (International Mathematics Examination Competition) Beynəlxalq Riyaziyyat Olimpiadasının final mərhələsində ən yüksək nəticə göstərərək qızıl medala layiq görülüb.
O, 15 ölkəni təmsil edən 63 iştirakçının qatıldığı final mərhələsində bütün sualları 18 dəqiqə 22 saniyəyə cavablandıraraq 100 faizlik nəticə göstərib. Beləliklə, Araz Şadmanzadə qızıl medal qazanmaqla yanaşı, eyni zamanda həm də dünya birincisi olub.
Sidneydən Bakıya qayıdan qalib məktəblimiz Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük sevinc və qürur hissi ilə qarşılanıb.
Layihə Dövlət Sosial Müdafiə Fondu və “McDonald's Azərbaycan” arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib. Təşkilati dəstək isə GOC (Global Olympiad Center) Qlobal Olimpiada Mərkəzi tərəfindən göstərilib.
Xatırladaq ki, Araz Şadmanzadə 15 dekabr 2024-cü il tarixində Azərbaycanda təşkil olunmuş İMEC (International Mathematics Examination Competition) Beynəlxalq Riyaziyyat Olimpiadasının şəhid ailələrinin və müharibə iştirakçılarının II-XI siniflərdə təhsil alan övladlarının da iştirak etdiyi seçim turunda qalib olaraq finala vəsiqə qazanmışdı.