Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) təşkilatçılığı ilə pensiya təminatı sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş vebinar keçirilib.
“Avrasiya və onun hüdudlarından kənarda pensiya təminatı sahəsində sərhədlərarası əməkdaşlıq” mövzusunda keçirilən onlayn tədbirdə müxtəlif ölkələrdə qazanılmış əmək və sığorta stajının pensiya hüquqlarının müəyyən edilməsində nəzərə alınması, bu sahədə beynəlxalq sazişlərin rolu və əməkçi miqrantların sosial hüquqlarının qorunması məsələləri müzakirə olunub.
Tədbirdə BPSFA-nın sədri qismində çıxış edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev əmək miqrasiyasının artdığı bir dövrdə pensiya təminatı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
O qeyd edib ki, müxtəlif ölkələrdə çalışan şəxslərin sosial hüquqlarının qorunması, onların qazandıqları sığorta stajının pensiya təyinatında nəzərə alınması və ölkələrin pensiya sistemləri arasında əlaqələndirmənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Z.Mirzəyev eləcə də bu istiqamətdə ikitərəfli və çoxtərəfli sazişlərin roluna toxunaraq mövcud çətinliklərin aradan qaldırılması üçün sosial təminat qurumları arasında təcrübə mübadiləsinin və birgə fəaliyyətin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Vebinar çərçivəsində əməkçi miqrantların sosial müdafiəsi, ölkələrin pensiya qanunvericilikləri və sistemləri arasındakı fərqlər, pensiya hüququnun yaranması üçün tələb olunan minimum sığorta müddəti, eləcə də sosial təminat sahəsində məlumat mübadiləsi və yoxlanılması mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Vebinarda Uruqvayın keçmiş əmək və sosial təminat naziri, İbero-Amerika Sosial Təminat Təşkilatının baş katibi, Avrasiya İqtisadi Komissiyasının, Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun və Qırğızıstan Sosial Fondunun rəhbər vəzifəli nümayəndələri də təqdimatlarla çıxış ediblər.
Tədbirdə DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli “Xaricdə yaşayan şəxslərin sosial müdafiəsi” mövzusunda təqdimatla çıxış edib.
O, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının və ölkəmizdə çalışan əcnəbilərin sosial təminatı, bu sahədə milli qanunvericiliyin xüsusiyyətləri, beynəlxalq konvensiyalar və dövlətlərarası sosial təminat sazişləri barədə məlumat verib.
Onlayn tədbirdə Asiya, Avropa və Amerika qitələrindən sosial təminat qurumlarını və beynəlxalq təşkilatları təmsil edən 100-dən çox nümayəndə, o cümlədən DSMF əməkdaşları da iştirak ediblər.







