Şəhid Orxan Hüseynovun ailəsi ziyarət olunub
31 OKTYABR 2025

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Səfər Mehdiyev Vətən müharibəsində şəhid olmuş baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb. 

1991-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində dünyaya gələn Orxan Hüseynovun uşaqlıq arzusu hərbçi olmaq, torpaqlarımızı işğaldan azad etmək olub. Və o, bu arzusunu reallaşdırıb. 

Orxan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində bölük komandiri kimi iştirak edib. 2020-ci il oktyabrın 4-də Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Görüşdə şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial vəziyyətinin daim diqqətdə saxlanıldığı və sosial dəstək tədbirlərindən danışılıb.

Orxan Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə",  “Şücaətə görə” medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 

Ailənin yaşadığı küçə onun adını daşıyır.