Benefisiarlarımız muzeydə elmi təcrübələrdə iştirak ediblər
30 OKTYABR 2026

Dövlət Sosial Müdafiə Fondu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları üçün maarifləndirici və əyləncəli tədbir təşkil edib.

Layihə iştirakçıları əvvəlcə Elçin Abbasovun Hədəf STEM Liseyinin nəzdində fəaliyyət göstərən İnteraktiv Elm Muzeyini ziyarət ediblər. Onlar muzeydə müxtəlif elmi proseslərlə interaktiv formada tanış olub, təcrübələrdə birbaşa iştirak ediblər.

İnteraktiv proqram uşaqların elmə və yeni biliklərə marağının artırılması, müşahidə, araşdırma və öyrənmə bacarıqlarının inkişaf etdirilməsi baxımından maraqlı təcrübə olub.

Proqramın davamı olaraq “Papa Johns Azərbaycan” restoranlar şəbəkəsində iştirakçılar üçün nahar təşkil edilib.

Qeyd edək ki, tədbirin məqsədi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının maarifləndirici və sosial fəaliyyətlərdə iştirakına, yeni bilik və təcrübələr qazanmasına imkan yaratmaq, onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək verməkdir.