DSMF nümayəndələri Çexiyada səfərdə olublar
13 MART 2025

Çex Respublikasının paytaxtı Praqa şəhərində səfərdə olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndələri ilə bu ölkənin Əmək və Sosial İşlər Nazirliyində və Sosial Təminat Qurumunda görüşlər keçirilib.

Görüşlərdə DSMF-nin İdarə Heyətinin sədr müavini Əli Mövsümov son illərdə Azərbaycanda sosial sığorta və sosial təminat sahələrində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Ölkəmizdə tətbiq edilən innovativ yanaşmalar, sığorta-pensiya sistemi, əhalinin sosial təminatı sahəsində qarşıya qoyulan prioritet hədəflər, eləcə də elektron infrastruktur vasitəsilə göstərilən proaktiv xidmətlər böyük maraqla qarşılanıb. İnteraktiv təcrübə mübadiləsi çərçivəsində hər iki ölkənin sosial təminat sistemlərinin oxşar və fərqli xüsusiyyətləri müzakirə edilib və maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparılıb.

Sonra Çexiyanın Əmək və Sosial İşlər Nazirliyi və Sosial Təminat Qurumunun nümayəndələri ölkələrinin pensiya-sığorta sisteminə dair təqdimatlarla çıxış ediblər.