“Pensiya sistemlərində xidmətlərin gücləndirilməsi: Yaşlı şəxslərin ehtiyaclarının qarşılanması” mövzusunda beynəlxalq konfrans keçirilib
25 SENTYABR 2026

Albaniyanın Tirana şəhərində “Pensiya sistemlərində xidmətlərin gücləndirilməsi: Yaşlı şəxslərin ehtiyaclarının qarşılanması” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Albaniyanın Sosial Sığorta Qurumunun birgə təşkil etdiyi və Avropa regionu ölkələrinin sosial təminat qurumlarının təmsil olunduğu konfransda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndələri də iştirak ediblər. 

DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli konfransın “Pensiya xidmətlərində avtomatlaşdırmaya doğru” sessiyasında təqdimatla çıxış edərək ölkəmizdə həyata keçirilən pensiya və sosial ödənişlər sahəsində rəqəmsal transformasiya, proaktiv təyinatla bağlı məlumat verib. 

Portuqaliya, Türkiyə, Slovakiya, Polşa, Çexiya, Sloveniya, Yunanıstan, İsveç, Birləşmiş Krallıq, Özbəkistan və digər ölkələrdən olan tədbir iştirakçıları Azərbaycan təcrübəsini böyük maraqla qarşılayıblar.