Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndələri BPSFA tərəfindən təşkil olunmuş “dəyirmi masa”da iştirak ediblər
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) tərəfindən “Xaricə gedən vətəndaşların sosial hüquqlarının müdafiəsinin təmin edilməsi: daha yaxşı gələcək qurmaq üçün çağırışlar və imkanlar” mövzusunda videokonfrans formatında “dəyirmi masa” təşkil olunub. Müxtəlif ölkələrin pensiya və sosial fondlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli “Xaricdə yaşayan şəxslərin sosial müdafiəsi” mövzusunda təqdimatla çıxış edib.
DSMF nümayəndəsinin çıxışında Azərbaycanda əməkçi miqrantların sosial müdafiəsi sahəsində milli qanunvericilik, ölkənin beynəlxalq konvensiyalarla, eləcə də sosial təminatla bağlı ikitərəfli saziş, müqavilələrlə müəyyən edilmiş hüquq və öhdəlikləri diqqətə çatdırılıb. Təqdimat zamanı xaricdə yaşayan Azərbaycan vətəndaşlarına, həmçinin ölkəmizdə çalışan xarici ölkə vətəndaşlarına sosial ödənişlərin həyata keçirilməsi mexanizmləri, əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə mövcud vəziyyət müzakirə edilib.
“Dəyirmi masa” çərçivəsində əməkçi miqrantların, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi perspektivləri və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.