Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev Koreyanın paytaxtı Seul şəhərində bu ölkənin Səhiyyə və Rifah Nazirliyinin tabeliyində Milli Pensiya Xidmətinin (MPX) icraçı direktoru TaeGyu Jeong ilə görüşüb.
Görüşdə S.Mehdiyev sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar barədə məlumat verib. Azərbaycanda həyata keçirilən innovativ yanaşmalar, elektron infrastruktur vasitəsilə əhaliyə təqdim olunan proaktiv xidmətlər, sığorta-pensiya sistemi və əhalinin sosial təminatı sahəsində müəyyən edilmiş prioritet hədəflər diqqətə çatdırılıb.
MPX icraçı direktoru TaeGyu Jeong da Koreyada aparılan sosial islahatlar barədə məlumat verib. Həmçinin MPX-nin ekspertləri tərəfindən DSMF-nin əməkdaşları üçün onlayn təlimlərin keçirilməsi məsələsi müzakirə edilib.
Görüşdə DSMF ilə MPX arasında 2024-cü ildə Bakı şəhərində imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2026–2027-ci illər üzrə icrası ilə bağlı Tədbirlər Planı da imzalanıb.
Daha sonra MPX və DSMF-nin nümayəndələri Koreyanın və Azərbaycanın pensiya-sığorta sisteminə dair təqdimatlarla çıxış edərək sualları cavablandırıblar. İnteraktiv təcrübə mübadiləsi çərçivəsində hər iki ölkənin sosial təminat sistemlərinin oxşar və fərqli xüsusiyyətləri müzakirə edilib, qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.







