DSMF Tovuz rayonunda ictimai dinləmə keçirib
24 AVQUST 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu növbəti ictimai dinləməni Tovuz rayonunda təşkil edib.

Rayon ictimaiyyəti, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi görüşdə əvvəlcə Fondun fəaliyyət istiqamətləri barədə məlumat verilib. Sonra korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı görülmüş işlər, həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda görüşdə vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən bəhs edilib, pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar olub. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.

Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və vətəndaşlarla belə görüşlərin keçirilməsinin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.