DSMF sədri beynəlxalq konfransa sədrlik edib
09 SENTYABR 2025

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Qırğızıstanda “Pensiya sistemlərinin aktual problemləri və effektivliyinin artırılması yolları” mövzusunda keçirilmiş beynəlxalq konfransa sədrlik edib. 

Tədbir Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) və Qırğızıstanın Nazirlər Kabineti yanında Sosial Fondun birgə təşkilatçılığı ilə keçirilib.

BPSFA-nın sədri Z.Mirzəyev Assosiasiyanın son iki il ərzindəki fəaliyyəti, üzv təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi, təşkil edilən funksional tədbirlər, habelə Assosiasiyanın qarşısında duran mühüm vəzifələr barədə məlumat verib. O, həmçinin müasir qlobal inkişaf tendensiyalarına əsaslanaraq sosial təminat məsələlərinin əhəmiyyətini vurğulamaqla son illər ərzində bu sahənin gücləndirilməsi məqsədilə üzv dövlətlər tərəfindən atılmış addımları və həyata keçirilən islahatları diqqətə çatdırıb.

Qırğız Respublikası Baş nazirinin müavini Edil Baysalov konfransın önəmini vurğulayaraq pensiya sistemlərinin aktual problemlərindən və bu sahədə effektivliyin artırılmasından danışıb. O bildirib ki, bu tədbir sosial təminat sahəsində təşkilata üzv dövlətlərin üzləşdiyi problemlər və onların həlli yollarının tədqiqi istiqamətində yeni imkanlar açmaqla yanaşı, qarşıda duran vəzifələr, trendlər və məqsədlər üçün də geniş platformadır.

Panel sessiyada Azərbaycanın pensiya-sığorta sistemi və sosial təminat sahəsində həyata keçirilən rəqəmsal islahatlara dair təqdimat olub. Ölkəmizdə elektron xidmətlərin tətbiqi, xidmətlərin səmərəliliyinin artırılması və vətəndaş məmnuniyyətinin təmin edilməsi məsələləri diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycanla yanaşı Çin, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və digər ölkələrin sosial təminat qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eləcə də ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər.