DSMF növbəti beynəlxalq uğurlara imza atıb
28 FEVRAL 2025

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Malayziyanın “International Professional Trade Exhibition & Meeting Planner” beynəlxalq qurumu tərəfindən keçirilmiş beynəlxalq müsabiqədə “Dövlət sektorunda innovasiyalar üzrə mükafat” və “Beynəlxalq innovasiyalar üzrə mükafat” kateqoriyaları üzrə 2 beynəlxalq ali mükafata layiq görülüb və medallarla təltif olunub.

Mükafatlar Malayziyanın Kuala Lumpur şəhərindəki Dünya Ticarət Mərkəzində keçirilən “Malaysian Technology Expo 2025” beynəlxalq sərgisinin təltifetmə mərasimində təqdim edilib.

Sərgidə DSMF üçün xüsusi sərgi pavilyonu ayrılıb. Pavilyonda DSMF-nin fəaliyyəti və son dövrlər ərzində qazandığı nailiyyətlər nümayiş etdirilib.
DSMF-nin İdarə Heyəti sədrinin müavini Zəka Mirzəyev sərgi iştirakçılarına sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar, bu sahədə Azərbaycanda tətbiq edilən innovativ həllər, əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi barədə ətraflı məlumat verib.

Sərgidə Azərbaycanla yanaşı, Malayziya, Xorvatiya, Misir, Çin, İndoneziya, İran və digər ölkələrin dövlət qurumları və özəl şirkətləri də iştirak edib.

Bu mükafatlar 2021-2025-ci illər ərzində DSMF-nin layiq görüldüyü 57-ci və 58-ci beynəlxalq mükafatlardır.