Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Mətin Əsgər 44 gün davam edən Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Tağiyev Ruslan Fuad oğlunun ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb.
Görüşdə Ruslan Tağıyevin döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılıb. O, Hadrud, Suqovuşan və Laçının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Ruslan Tağıyev Laçın rayonunda şəhid olub. Prezidentin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Görüşdə şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial vəziyyətinin diqqətdə saxlanıldığı və sosial dəstək tədbirlərindən danışılıb.