DSMF-nin sədr müavini şəhid Əhmədağa İskəndərovun ailəsini ziyarət edib
14 OKTYABR 2026

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyev Vətən müharibəsi şəhidi İskəndərov Əhmədağa Novruz oğlunun ailəsi ilə görüşüb.

Görüşdə şəhid ailəsinin sosial durumu diqqət mərkəzində olub. Bildirilib ki, şəhid ailələrinə qayğı göstərilməsi və onların sosial rifahının yüksəldilməsi dövlətin sosial siyasətində mühüm yer tutur. Bu istiqamətdə ailələrin sosial təminatının gücləndirilməsi üçün müvafiq tədbirlər davam etdirilir.

Eləcə də Əhmədağa İskəndərovun həyat yoluna nəzər salınıb, onun uşaqlıq və tələbəlik dövrü, Vətənə bağlılığı və hərbi fəaliyyəti barədə danışılıb.

Əhmədağa İskəndərov 1989-cu il sentyabrın 20-də dünyaya gəlib. O, 1996–2007-ci illərdə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 82 nömrəli pilot-orta məktəbdə təhsil alıb, 2007–2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmət keçib. Xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətinə başlayıb.

Vətən müharibəsi başlayan ilk gündən etibarən cəbhəyə yola düşüb. Oktyabrın 7-də Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Ondan Həsrin adlı bir qız övladı yadigar qalıb.

Göstərdiyi qəhrəmanlıq ölümündən sonra dövlət tərəfindən yüksək qiymətləndirilib. Şəhid “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları, eləcə də III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.