DSMF-nin sədr müavini şəhid ailəsini ziyarət edib
24 MART 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyev Vətən müharibəsi şəhidi mayor Ələkbərov Fərid Tahir oğlunun ailəsini ziyarət edib.

Görüşdə Fərid Ələkbərovun döyüş yolundan, müharibə zamanı göstərdiyi şücaətdən danışılıb, qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.

Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan genişmiqyaslı işlər qeyd olunub. Ailənin bundan sonra da daim dövlətin qayğısı ilə əhatə olunacağı bildirilib.

Qeyd edək ki, müharibədə şərəfli döyüş yolu keçmiş Fərid Ələkbərov Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhid Fərid Ələkbərov Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları, eləcə də “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.