Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Zəka Mirzəyev 44 gün davam edən Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Musayev Sədi Süleyman oğlunun ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb.
Görüşdə Sədi Musayevin döyüş yolundan, göstərdiyi şücaətdən söhbət açılıb. O, Aprel döyüşləri, eləcə də Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Füzulidə şəhid olub.
Prezidentin sərəncamları ilə Sədi Musayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, eləcə də “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Görüşdə şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların sosial vəziyyətinin daim diqqətdə saxlanılmasından və həyata keçirilən sosial dəstək tədbirlərindən danışılıb.