Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Əli Mövsümov 44 gün davam edən Vətən müharibəsində şəhid olmuş kəşfiyyat rəisi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ailə üzvləri ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb.
Görüşdə Səyavuş Kəlbalıyevin döyüş yolundan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən əməliyyatlarda iştirakından, qarşıya qoyulmuş hərbi tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirməsindən, xidmət etdiyi dövrdə 16 illik qüsursuz xidmətə görə müxtəlif fəxri fərman, orden və medallarla təltif olunmasından bəhs edilib.
Səyavuş Kəlbalıyev Füzuli rayonunun işğaldan azad olunmasında iştirak edib. Elə Füzulidə də şəhid olub.
Prezidentin sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Görüşdə şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunması, onların sosial vəziyyətinin daim diqqətdə saxlanılması və sosial dəstək tədbirləri haqqında danışılıb.