Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Avropa Sosial Təminat Qurumu və İspaniya Səhiyyə və Sosial Təminat Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində İspaniya Krallığının Madrid şəhərində keçirilmiş “Rəqəmsallaşdırma, süni zəka və sosial təminat: çətinliklər və imkanlar” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfrans çərçivəsində Avropanın aparıcı ölkələrində süni zəkanın sosial təminat sistemlərində tətbiqi, rəqəmsal transformasiya şəraitində bu sistemlərin dayanıqlılığının və səmərəliliyinin artırılması, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də yeni texnologiyaların sosial təminat sistemlərinin idarə olunmasına və inzibatçılığına təsiri müzakirə olunub. Bununla yanaşı, sosial təminat sahəsində sürətlə inkişaf edən rəqəmsallaşmanın yaratdığı yeni imkanlar və çətinliklərlə bağlı müxtəlif ölkələrin təcrübələri bölüşülüb.
Konfransda Azərbaycanla yanaşı, İspaniya, Almaniya, Avstriya, Birləşmiş Krallıq, Yunanıstan, Malayziya, Çin və digər ölkələrin sosial təminat qurumlarının nümayəndələri də iştirak ediblər.
Tədbirdə DSMF nümayəndələri Azərbaycanda sosial sığorta və sosial təminat sahəsində son illərdə həyata keçirilmiş islahatlar, bu sahədə tətbiq olunan innovativ həllər, əhaliyə göstərilən proaktiv xidmətlər, eləcə də müasir texnologiyaların sosial təminat sahəsində geniş tətbiqi haqqında məlumat veriblər.
Sonda iştirakçı ölkələr arasında sosial təminat və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.







