Dövlət Sosial Müdafiə Fondunun (DSMF) BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsi beynəlxalq təşkilatlar və xarici ölkələrin sosial təminat qurumları tərəfindən yüksək qiymətləndirilib.
Bu münasibətlə Fonda ünvanlanan təbrik məktublarında sosial təminat sahəsində aparılan islahatlar, innovativ həllərin tətbiqi, xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində əldə olunan nailiyyətlər vurğulanıb.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) layihə rəhbəri – baş koordinatoru Ernesto Brodersohn, Avropa üzrə koordinatoru Marjorie Lestienne və Asiya-Sakit Okean regionu üzrə regional koordinatoru Indrajit Nurmukti DSMF-ni təbrik edərək bu mükafatı Azərbaycanın sosial təminat sistemində həyata keçirilən islahatlara və Fondun institusional inkişafına verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndiriblər.







