Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın Federal Pensiya və Əlillik Sığortası Qurumunun (FPƏSQ) direktoru Halil Subašićin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında sosial müdafiə və pensiya təminatı sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Zəka Mirzəyev Azərbaycanda sosial müdafiə, sosial sığorta və pensiya təminatı sahələrində həyata keçirilən islahatlar haqqında məlumat verib. Qeyd edib ki, son illərdə pensiya sistemində müasir idarəetmə yanaşmaları tətbiq olunub, xidmətlərin rəqəmsallaşdırılması, əlçatanlığının artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
O bildirib ki, DSMF tərəfindən təqdim olunan proaktiv və elektron xidmətlər sosial təminat sahəsində idarəetmənin səmərəliliyinin artırılmasına, vətəndaşların xidmətlərdən daha rahat faydalanmasına imkan yaradır.
FPƏSQ-nin direktoru Halil Subašić isə Bosniya və Herseqovinada pensiya və əlillik sığortası sisteminin fəaliyyəti, əsas prinsipləri, institusional quruluşu barədə məlumat verib. O, ölkəsində pensiya hüququnun yaranması şərtləri, pensiya növləri, hesablanma mexanizmləri, həmçinin sığorta stajı və sosial sığorta haqlarının pensiya məbləğinin müəyyənləşdirilməsində rolu barədə danışıb.
Görüş çərçivəsində DSMF-nin fəaliyyət istiqamətləri, sosial xidmətlərin rəqəmsallaşdırılması, pensiya sistemində tətbiq olunan yeniliklər və qabaqcıl idarəetmə təcrübələri ilə bağlı təqdimatlar keçirilib.
Müzakirələr zamanı sosial xidmətlərin inkişafı, innovativ həllərin tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi və DSMF ilə FPƏSQ arasında əməkdaşlığın gələcək istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.







