DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
30 SENTYABR 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrildikdən sonra fəaliyyətini inzibati idarəetmədən xidmət modelinə keçirib. Əvvəllər ölkə üzrə 77 qəbul şöbəsi ilə funksional fəaliyyət göstərən Fond bu gün 8 mərkəzi, 19 regional filialla vətəndaşların xidmətindədir.

Xidmət keyfiyyəti artırılıb, idarəçilik və xidmətlər müasir, innovativ texnologiyalar, optimal, şəffaf iş mexanizmləri üzərində qurulub, sosial ödənişlərin e-qaydada proaktiv təyinatının aparılması təmin olunub. Ötən dövr ərzində Fondun strukturu tam yenilənib, mərkəzləşmə həyata keçirilib.

Mərkəzləşmə nəticəsində xərclərə nəzarət gücləndirilib, xərclər optimallaşdırılıb, ödənişlərdə çeviklik təmin olunub. Fərdi uçot sağlamlaşdırılıb, sosial ödənişlərin təyinatı və ödənişi şəffaf, vətəndaş-məmur təması olmadan çevik şəkildə aparılır. Əsas hədəf vətəndaşların müraciəti olmadan onların sosial təminat hüquqlarını avtomatik qaydada təmin etməkdir.

2026-cı ilin iyun ayında Dövlət Sosial Müdafiə Fondu “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsü ilə “Heç kəsi geridə qoymamaq naminə inklüziv və ədalətli xidmətlərin göstərilməsi” kateqoriyası üzrə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Sosial müdafiə sahəsində xidmətlərin əlçatanlığı, operativliyi, şəffaflığı və inklüzivliyinin artırılması, sosial ödənişlərin rəqəmsal texnologiyalara əsaslanan proaktiv təyinat mexanizmlərinin yaradılması istiqamətində əldə edilmiş mühüm nailiyyətlər Fondun bu nüfuzlu beynəlxalq mükafatla təltif olunmasında əsas amillər kimi nəzərə alınıb. Bu ali mükafat cari ilin 23–25 iyun tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumu zamanı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilib.

Bundan başqa əldə olunmuş uğurlar və yüksək vətəndaş məmnuniyyəti nəticəsində Dövlət Sosial Müdafiə Fondu son illərdə 5 beynəlxalq ISO sertifikatı, eləcə də müxtəlif beynəlxalq təşkilatlar və xarici ölkələrin dövlət qurumları tərəfindən beynəlxalq mükafat və sertifikatlara layiq görülüb.