DSMF-də Tacikistan Hökuməti yanında Sosial Sığorta və Pensiyalar Agentliyinin nümayəndə heyəti ilə görüş olub
06 MAY 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Hökuməti yanında Sosial Sığorta və Pensiyalar Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev Fondun fəaliyyət istiqamətləri, əhaliyə göstərdiyi xidmətlər, ölkəmizdə sosial təminat və sosial sığorta sahələrində son illər həyata keçirilən islahatlar barədə məlumat verib. 

Sosial sığorta və pensiya təminatı, fərdi uçotun təşkili, pensiyaların təyinatı və ödənişi, maliyyə məsələlərinin idarə olunması, xidmət keyfiyyəti və vətəndaş məmnuniyyətinin artırılması sahələrində aparılan işlər diqqətə çatdırılıb.

Tacikistan Hökuməti yanında Sosial Sığorta və Pensiyalar Agentliyinin direktoru Abduraxmon Xalimzod ölkəsində tətbiq olunan pensiya təminatı və sosial sığorta sistemi, pensiya sisteminin strukturu, əsas komponentləri və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Dünya Bankının nümayəndələrinin də iştirak etdiyi görüşdə sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri, təcrübə mübadilələri müzakirə edilib.