DSMF-də Dövlət Suverenliyi Gününə həsr olunmuş vebinar keçirilib
22 SENTYABR 2025

Fondun Aparatının, eləcə də mərkəzi və regional filiallarının əməkdaşlarının iştirak etdiyi vebinarda DSMF-nin İdarə Heyətinin sədr müavini Mətin Əsgər 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından, dövlət suverenliyinin tam bərpa edilməsindən və onun əhəmiyyətindən danışıb. 

Bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilib.

Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazandığımız tarixi qələbənin 5-ci ildönümüdür. 

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.