ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Nazir Sahil Babayev BƏT-in 111-ci sessiyasında
07 iyun 2023

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir. 

Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Baş direktoru Jilbert Hunqbonun sessiyanın açılışında etdiyi məruzədəki məsələlərin aktuallığını qeyd edib. 

Nazir mürəkkəb siyasi-iqtisadi proseslərin regional və qlobal miqyasda mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda yüksək inkişaf tempinin davam etdiyini, ölkədə  son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, habelə sosial sektorda həyata keçirilən böyük rəqəmsallaşma proqramının nəticələrini, artıq 140-dan çox sosial xidmətin elektronlaşdırıldığını diqqətə çatdırıb. DOST konsepsiyasının nailiyyətlərindən, "Əmək və Məşğulluq" altsisteminin mühüm faydalarından bəhs olunub. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri barədə məlumat verilib. 

Azərbaycanın  2019-cu ildən Qoşulmama Hərəkatının sədri olmaqla pandemiyaya qarşı mübarizədə qlobal səylərin güclənməsi üçün uğurlu təşəbbüslərindən bəhs olunub. COVID-19 pandemiyasından sonra üzv ölkələrdə səmərəli məşğulluq tədbirlərinin və xüsusən həssas qruplarla bağlı sosial müdafiənin gücləndirilməsinin,  BƏT-lə sıx əməkdaşlığın önəmi vurğulanıb. 

BƏT-in 111-ci sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası da keçirilib. 40-dan çox ölkənin yüksək vəzifəli nümayəndələrinin və BƏT-in Baş direktoru J.Hunqbonun iştirak etdiyi iclasa sədrlik edən S.Babayev çıxışında ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı qlobal mübarizdə fəal iştirakını vurğulayıb. Ölkəmizin bu istiqamətdə uğurlu təşəbbüsləri, o cümlədən bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışı üçün qətnamələrin qəbulu ilə bağlı təşəbbüsləri qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşündə COVID-19-dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin də irəli sürüldüyü, Azərbaycanın habelə Hərəkatın institusional inkişafına güclü dəstəyi, bütün bu addımların Hərəkatın beynəlxalq nüfuzunu xeyli gücləndirdiyi vurğulanıb. 

Ölkəmizdə son 5 ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketinin icra edildiyi, əməkhaqqı və digər sosial ödənişlərdəki ciddi artımlar, bu islahatlar üzrə illik 6,8 milyard manat əlavə vəsait ayrıldığı, əmək bazarında sabitliyin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən BƏT-in “Kənd təsərrüfatında təhlükəsizlik və sağlamlıq haqqında” 184 nömrəli və “Əməyin mühafizəsi və sağlamlığının təşviqi çərçivələri haqqında” 187 nömrəli Konvensiyalarının da ratifikasiyası imkanlarının qiymətləndirilməsi işləri aparıldığı vurğulanıb. 

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunub.  Azərbaycanın doqquz şəhəri və yüzlərlə kəndinin Ermənistanın işğalı altında olarkən tamamilə dağıdıldığı qeyd olunub. 

Bildirilib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisi minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. İkinci Qarabağ müharibəsindən sonra mina terroru nəticəsində 302 nəfər Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesinə və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına mane olur. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə minalardan təmizləmə səyləri arasında birbaşa əlaqə var və Azərbaycan minatəmizləmə üzrə 18-ci DİM-in işə salınması təşəbbüsünü fəal şəkildə təbliğ edir.

İclasda Qoşulmama Hərəkatına üzv ölkələrdə əmək və məşğulluq məsələlərinə dair müzakirələr aparılıb və Hərəkatın əmək nazirlərinin Bəyannaməsi qəbul olunub.