ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq genişlənəcək
08 iyun 2023

Nazir Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının regional direktoru Heinz Koller və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Daren Tanq ilə görüşüb

Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heinz Kollerlə görüşüb.

Görüşdə ötən dövrdə ölkəmizin BƏT-lə əməkdaşlıqda iki Layiqli Əmək üzrə Ölkə Proqramını uğurla icra etdiyi, növbəti Proqramın hazırlanması işlərinin yekunlaşmaqda olduğu bildirilib. BƏT-in 59 Konvensiyasına qoşulan Azərbaycan tərəfindən Təşkilatın daha iki Konvensiyasının ratifikasiya edilməsi imkanlarının qiymətləndirilməsi işləri aparıldığı qeyd edilib.

Azərbaycanda aparılan sosial islahatlar və DOST konsepsiyasından, əmək və məşğulluq sahələrində e-texnologiyaların geniş tətbiqindən, Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Sammitində “Çempion layihə” elan edilərək mükafatla təltif olunan “Əmək və Məşğulluq” altsistemindən bəhs olunub.

Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri, İkinci Qarabağ müharibəsindən sonra 302 azərbaycanlının mina terroru nəticəsində həyatını itirdiyi və ya yaralandığı diqqətə çatdırılıb. Ermənistanın işğalı nəticəsində Azərbaycanın ərazisi dünyada minalarla ən çox çirkləndirilmiş dövlətlərdən biri olduğu vurğulanıb.

H.Koller Azərbaycanın BƏT-lə fəal əməkdaşlığından məmnunluğunu, ölkəmizdə aparılan sosial islahatlar prosesində gələcək əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri, habelə ölkəmizin işğaldan azad edilmiş ərazilərində məşğulluq tədbirləri və layiqli əməyin dəstəklənməsi, ölkədə yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətinin təşkili və s. istiqamətlərdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

S.Babayev səfər çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Daren Tanq ilə də görüşüb.

Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində müasir texnologiyaların, innovativ fəaliyyət və xidmət mexanizmlərinin tətbiqi əsasında aparılan islahatlar diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti, Mərkəzdə müxtəlif istiqamətlərdə təşkil olunan təlimlər, əlilliyi olan şəxslərin yaradıcı potensialına göstərilən dəstək işləri barədə məlumat verilib.

Həmin həssas qrupların öz əl işləri, yaradıcılıq potensialları əsasında gələcək bizneslərinin təşkili mexanizminin qurulması sahəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Təşkilatın Baş direktorunun müavini Hasan Klebin yaxın vaxtlarda Bakıya səfərinin və səfər çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə də tanış olmasının nəzərdə tutulduğu qeyd olunub.

Görüşdə həmçinin ölkəmizdə icra olunan özünüməşğulluq proqramı çərçivəsində kiçik mikro bizneslərin yaradıldığı, DOST modeli üzrə “bir pəncərə”dən göstərilən xidmətlərdən birini də mediasiya xidməti təşkil etdiyi, bu istiqamətlərdə də əməkdaşlıq üçün potensialın olduğu bildirilib.