1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür.
BMT-nin Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd edilir.
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilirlər. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyasında ahıl şəxslərin sosial təminat sistemi ilə əhatə olunması, onların rifahının təminatı mühüm yer tutur. Bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının sosial sahəyə xüsusi diqqət və qayğısı əhalinin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan verib.
Ahıl şəxslərin rifahında önəmli yer tutan pensiya təminatı sistemi daim gücləndirilir. 2018-ci ildən ötən dövrdə icra olunan 5 sosial islahat paketi çərçivəsində sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum və orta aylıq pensiyada 3 dəfəyədək artıma nail olunub. Hər ilin əvvəlində pensiyaların indeksləşdirilərək artırılması da təmin edilir.
Son illərdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ahıllarla bağlı “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı layihə də icra olunub. Layihə çərçivəsində yaşlı, ahıl şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə xidmət edən müxtəlif tədbirlər reallaşdırılıb.
Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllarla bağlı humanitar məqsədli nəcib tədbirlər keçirilir. Hazırda həmin müəssisədə 210 nəfər ahıl şəxs daimi dövlət himayəsində yaşayır. Digər sosial xidmət müəssisələrində olduğu kimi, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində də müasir tələblərə uyğun şərait yaradılıb.
Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən tənha ahıl şəxslərə evlərində sosial xidmətlər göstərilir və hazırda 3600-dək tənha ahıl bu xidmətlərlə əhatə olunur. Agentliyin sosial sifarişləri əsasında Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Lənkəran, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən günərzi qayğı mərkəzlərində isə 200 nəfər ahıla sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir.
Ahıl şəxslərə göstərilən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və xidmətlərin keyfiyyətinin artırılması istiqamətində iş mütəmadi davam etdirilir.







