Vətən müharibəsi şəhidlərinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları, onların valideynləri üçün maarifləndirici tədbir təşkil olunub
05 SENTYABR 2025

Uşaqların həm əylənərək vaxt keçirməsi, həm də fiziki və psixoloji sağlamlığına dair maarifləndirmə işlərinin aparılması məqsədilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılan tədbirdə Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərimizin, həmçinin müharibə ilə əlaqədər əlilliyi müəyyən edilmiş şəxslərin 6-12 yaş aralığında 20-yə yaxın övladı və onların valideynləri iştirak ediblər.

Tədbirdə valideynlərə vitamin çatışmazlığının fəsadları və bu sahədə profilaktik iş aparılmasının əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda uşaqlara düzgün qidalanma vərdişlərinin, gündəlik gigiyena qaydalarının və vitamin balansının qorunmasının üsullarının öyrədilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. 

Gün ərzində uşaqlar müxtəlif interaktiv oyunlar oynayıb, komandalar arasında maraqlı idman yarışları keçirilib.

Tədbir Dövlət Sosial Müdafiə Fondu tərəfindən CS Conti-Service International Spedition GmbH (Conti-Service Azerbaijan MMC) şirkətinin dəstəyi ilə reallaşdırılıb.