ÜDSY alan ailələrin övladları üçün maarifləndirici və əyləncəli tədbir təşkil olunub
23 SENTYABR 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrin övladları üçün maarifləndirici və əyləncəli tədbir təşkil edib.

Tədbir çərçivəsində uşaqlar əvvəlcə Elçin Abbasovun Hədəf STEM Liseyinin tərkibində fəaliyyət göstərən İnteraktiv Elm Muzeyi ilə tanış olublar. Burada müxtəlif elmi proseslər interaktiv formada nümayiş etdirilib. Uşaqlar maraqlı elmi təcrübələri həm izləyib, həm də proseslərdə birbaşa iştirak ediblər.

İnteraktiv proqram uşaqların elmə və yeni biliklərə marağının artırılmasına, onların müşahidə, araşdırma və öyrənmə bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.

Daha sonra “Papa Johns Azərbaycan” restoranlar şəbəkəsində uşaqlar üçün nahar təşkil edilib.

Qeyd edək ki, tədbirin məqsədi ÜDSY alan ailələrin övladlarının sosial və maarifləndirici tədbirlərdə iştirakını təmin etmək, onların yeni biliklər və təcrübə qazanmasına şərait yaratmaq, asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.