Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
Hal-hazırda müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği aşağıdakı kimidir:
- müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 500 manat;
- müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 400 manat;
- müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 330 manat.
Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.
Təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alanın əlilliyi dayandırıldıqda, vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Təqaüd 2008-ci il sentyabrın 1-dən verilir.