Şəhid övladları olimpiadada uğur qazanıblar
23 APREL 2025

Şəhid Əli Ələkbərovun qızı Nazlı Ələkbərzadə və oğlu Əkbər Ələkbərzadə Türkiyənin Antalya şəhərində keçirilən Türk Dünyasının II Beynəlxalq Riyaziyyat Olimpiadasının (TİMO) final mərhələsində iştirak edərək qızıl və bürünc medal qazanıblar.

Nazlı Ələkbərzadə 18 ölkəni təmsil edən 1 399 iştirakçının mübarizə apardığı final mərhələsində bütün sualları düzgün cavablandıraraq, 100 faizlik nəticə göstərib və qızıl medal qazanıb. O, eyni zamanda fərdi göstəricilər üzrə dünya üçüncüsü olub.

Əkbər Ələkbərzadə isə final mərhələsində bürünc medal qazanıb.

Türkiyədən Bakıya qayıdan qalib məktəblilərimiz Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük sevinc və qürur hissi ilə qarşılanıblar.

Layihə Dövlət Sosial Müdafiə Fondu və “McDonald's Azərbaycan” arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilib.

Xatırladaq ki, Nazlı Ələkbərzadə və Əkbər Ələkbərzadə martın 8-də Azərbaycanda təşkil olunmuş Türk Dünyasının II Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turunda şəhid və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin III-XI siniflərdə təhsil alan 27 övladının iştirak etdiyi seçim turunda ən yüksək nəticə göstərərək qızıl və gümüş medallara layiq görülmüş və final mərhələsinə vəsiqə qazanmışdılar.